Azərbaycan Respublikasına qarşı Dağlıq Qarabağla bağlı əsassız ərazi iddialarına haqq qazandırmağa çalışan ermənilər növbəti saxtakarlığa əl atmışlar. Bu dəfə erməni “tarixçiləri”, guya, uydurma “Böyük Ermənistan”ın paytaxtı Tiqranakert şəhərinin qalıqlarının Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində aşkar olunması barədə heç bir elmi əsası olmayan hay-küy kampaniyasına başlamışlar. Bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunmaqdadır. Xarici ölkə alimləri, jurnalistləri içərisində erməni saxtakarlığının mahiyyətini düzgün qiymətləndirənlər də az deyildir. Məsələn, Polşa alimi Voytsex Pastuşka, haqlı olaraq, Tiqranakertin bu bölgədə olmasına şübhə ilə yanaşır və bu fikrin siyasi məqsədlərlə ortaya atıldığını, göstərilən qazıntıların “arxeoloji deyil, siyasi qazıntılar olduğunu” qeyd edir.
Yuxarıda göstərilənlərlə bağlı olaraq Azərbaycan tarixçiləri qətiyyətlə və birmənalı şəkildə bəyan edirlər: Azərbaycanın arxeoloji abidələrlə zəngin olan və kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni aşkar edilməmişdir!
Yeri gəlmişkən, üzdəniraq erməni “alimlərinin” vaxtaşırı dünya ictimaiyyətini belə“tapıntılarla” “şok”a salması yeni məsələ deyildir. Dünya alimlərinin yaxşı yadındadır ki, “erməni alimləri” hələ Sovetlər Birliyi dövründə Metsamorda “erməni heroqlifi” ilə yazısı olan və guya dünyada ilk sikkə sayılan pulların tapılması barədə bütün dünyada hay-küy qaldırmışdılar. O zaman, yəni XX əsrin 70-ci illərində, akademik V.V.Piotrovski elə ermənilərin öz jurnalındaca ("İstoriko-filoloqiçeskiy jurnal”) onları rüsvay etmiş, ərəb sikkələrini “özününküləşdirən” erməni alimlərinin iç üzünü açıb dünya ictimaiyyətinə göstərmişdi. Bu qəbildən olan erməni yalanlarının, saxtakarlıqlarının sayını kifayət qədər artırmaq da olardı...
Polşa alimi Voytsex Pastuşkanın qeydlərində göstərilən, guya Tiqranakert şəhərinin yerinin tapılması ilə bağlı yalançı məlumat da bu qəbildəndir, daha doğrusu, növbəti erməni saxtakarlığıdır.
Azərbaycan tarixçiləri bildirirlər: Qarabağın yüz ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir qədim erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır. Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antik və ilk orta əsrlər dövrlərinə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilmişdir. Dünya elmi ictimaiyyəti, o cümlədən erməni alimlərinin özləri də, bütün bu tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul etmişlər.
Dünya arxeoloqları yaxşı bilirlər (erməni arxeoloqlarına da məlum olmamış deyil!) ki, Qarabağ ərazisində arxeoloji qazıntı işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmışdır. Sovet hakimiyyətindən əvvəlki dövrdə bu bölgədə Şuşa realnı məktəbinin müəllimi, milliyyətcə alman olan Emil Resler, rus tədqiqatçısı A.A.İvanovski arxeoloji qazıntılar aparmışlar. XX əsrin 20–50-ci illərində Qarabağda İ.İ.Meşşaninov, A.A.İyessen, Y.İ.Qummel, Ə.Ə.Ələkbərov, Ö.Ş.İsmizadə və digər tanınmış rus-sovet və Azərbaycan alimləri arxeoloji qazıntılar aparmışlar.
XX əsrin 60-80-ci illərində Qarabağda M.M.Hüseynov, Q.S.İsmayılzadə, İ.H.Nərimanov, A.B.Nuriyev, R.B.Göyüşov, N.F.Cəfərov və digər tanınmış Azərbaycan arxeoloqları geniş qazıntı-tədqiqat işləri aparmışlar. Qarabağın qədim tarixinə dair ən sanballı məlumatlar məhz bu alimlərin əsərlərində toplanmışdır (Bax: R.B.Qeyuşov. Xristianstvo v Kavkazskoy Albanii. Baku – 1984; M.M.Quseynov. Drevniy paleolit Azerbaydjana Baku – 1985; İ.Q.Narimanov. Kultura drevneyşeqo zemledelçesko-skotovodçeskoqo naseleniya Azerbaydjana. Baku – 1987; Q.S.İsmayılov. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı – 1981; H.F.Cəfərov. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. Bakı – 2000; A.Nuriyev, Ə.Babayev. Bərdə şəhərinin tarixi-arxeoloji oçerki. Bakı – 2001 və s.).
Azərbaycanın Ağdam bölgəsinə gəldikdə, Azərbaycan alimləri tərəfindən Ağdam şəhərinin kənarında e.ə. II minilliyin I yarısına aid edilən (orta tunc dövrü) Üzərliktəpə yaşayış yeri öyrənilmişdir. Yaşayış yerinin ətrafına qala hasarı çəkilmişdir. Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbabalı və Papravənd kəndi ərazisində e.ə. XII-IX əsrlərə aid ətrafına qala divarları çəkilmiş möhtəşəm yaşayış məskənləri tədqiq olunmuşdur. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formalaşmasını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur.
Bütün bunlardan başqa, Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü), Üzərliktəpə mədəniyyəti (orta tunc dövrü), Xocalı–Gədəbəy mədəniyyəti (son tunc və ilk dəmir dövrü), habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq, dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.